Azərbaycan və Türkiyədən mesaj: Təhlükəsizliyə təhdid olarsa...

Azərbaycan və Türkiyədən mesaj:

Azərbaycan və Türkiyədən mesaj: Təhlükəsizliyə təhdid olarsa...

Polemika.az Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu ilə müsahibəni təqdim edir:

- Elşad müəllim, Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyət yaranıb. Qərbin və digər dairələrin bu vəziyyətə reaksiyası necədir?

- Ötən il Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatlarının qarşısını almaqla bərabər bu təxribatlara birdəflik son qoymaqla torpaqlarımızı işğaldan qurtarmaq üçün əks-hücum əməliyyatlarına başladı. 44 gün ərzində davam edən Vətən Müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Təcavüzkar Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bundan sonra Cənubi Qafqaz regionda yeni geosiyasi reallıq yarandı. Bu geosiyasi reallıqlar dünyanın bir sıra siyasi dairələrinin maraqlarına ziddi idi. Çünki onlar bunu həzm edə bilmirlər. Bunu da açıq şəkildə edirlər, gizlətmirlər.

- Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü bərpa etdi, həm də öz gücünə...

- Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, suverenliyini, 30 ilə yaxın işğalda olan ərazi bütövlüyünü təmin edib. Münaqişədən Cənubi Qafqaz regionunda özünün geosiyasi maraqlarını təmin etmək yolunda bir alət kimi istifadə edən və bu alətin qalmasında maraqlı olan tərəflər təbii ki, yeni yaranmış geosiyasi reallıqları qəbul etmək istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Fransa bu gün “münaqişənin tənzimlənməsini” istəyir. Onların istəyi odur ki, proses yenidən Minsk qrupu platformasına qaytarılsın. Buna da israr edirlər. Halbuki münaqişə artıq mövcud deyil. Azərbaycan öz hərbi, siyasi resursları hesabına münaqişəni aradan qaldırıb və ərazilərini işğaldan azad edib.

- Yeni geosiyasi reallıqda Azərbaycanın rolunu necə qiymətləndirmək olar?

- Yeni geosiyasi reallıqlar özünün güc mövqeyini formalaşdırmış Azərbaycanın maraqlarını uyğundur. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana yaxından siyasi və mənəvi dəstək verən Türkiyə yeni geosiyasi reallıqların formalaşdırılmasının həm də birbaşa iştirakçısıdır. Bu geosiyasi reallıqlar həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Ötən ilin 10 noyabr tarixində imzalanmış Bəyanatın 9-cü maddəsinə uyğun olaraq Azərbaycanla Türkiyə arasında birbaşa quru nəqliyyat əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin reallaşdırılması nəzərdə tutulub. Bu bütövlükdə türk dünyası arasında əlaqələri formalaşdıracaq mühüm layihə olacaq.

- Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunun açılışında iştiraj etdi, mühüm mesajlar verildi. Həmin mesajların əhəmiyyətini necə şərh etmək olar?

- Yeni geosiyasi reallıqlara qarşı açıq çıxışlar göz önündə idi. Bütün bu amilləri nəzərə alaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti rəsmi səfəri zamanı ilk dəfə olaraq birbaşa işğaldan azad olunmuş ərazilərimizə onun təyyarəsinin enməsi böyük bir tarixi hadisə idi. Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidentinin təyyarəsinin Füzuliyə enməsi hər şeydən öncə olduqca ciddi siyasi mahiyyət kəsb edir. Burada olan açıq mesaj ondan ibarətdir ki, Azərbaycan Prezidenti artıq işğaldan azad olunmuş ərazidə ölkəmizə rəsmi səfər edən ölkə başçısını qəbul etməkdədir. Bundan sonra da bu cür hallar təkrarlanacaq. Bu eyni zamanda ərazilərimizdə suverenliyimizin tam bərpa olunması anlamına gəlir. Həmin ərazilərdə ölkəmiz tərəfindən yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü də bir daha diqqətə çatdırılır. Bu, düşmənin 30 il boyunca həmin əraziləri mina tarlasına çevirməsi fonunda Azərbaycan o ərazilərində yüksək səviyyədə, müasir standartlara cavab verən hava limanı inşa etməklə öz gücünü, qüdrətini nümayiş etdirib. Sözsüz ki, Türkiyə Prezidenti ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu da bəyan etdi.

- Bundan sonrakı proseslər hansı istiqamətdə inkişaf etdirilməlidir?

- Prezident İlham Əliyev münaqişənin bitdiyini, lakin mübarizənin hələ də davam etdiyini qeyd etdi. Bu ona dəlalət edir ki, bundan sonra da geosiyasi mübarizə davam edəcək. Sözsüz ki, qardaş Türkiyənin Azərbaycanın yanında olması bu mübarizədə Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Çünki Azərbaycan və Türkiyə böyük gücə malik olan dövlətlərdir. Dünyanın 140 ölkəsinin müqayisəsində tətbiq edilən bu reytinq cədvəli Azərbaycan və Türkiyənin kifayət qədər ciddi hərbi resurslara malik olduğunu göstərir. Bu iki ölkə birgə hərəkət edərək öz geosiyasi maraqlarını daha uğurla təmin etmək imkanlarına malikdir. Bundan sonrakı mərhələdə Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi ilə bağlı istənilən formada təhdid yaratmağa çalışan subyektlər ciddi düşünməli olacaqlar. Çünki Azərbaycan bunun qarşısını almaq gücündədir. Bu istiqamətdə qardaş Türkiyənin də Azərbaycana göstərmiş olduğu siyasi və mənəvi dəstək ayrıca təsirli bir element rolunda çıxş edir.

- İki liderin Zəngəzur dəhlizi ilə bağlı atdığı birgə addımın əhəmiyyəti necə xaraterizə olunur?

- Füzuli olduqca strateji coğrafi mövqeyə malikdir. Füzulidən Şuşaya zəfər yolu inşa edilir. Azərbaycan və Türkiyə Prezidentlərinin bu Zəfər yolunun inşası prosesi ilə tanışlığı, Horadiz-Füzuli-Cəbrayıl-Zəngilan istiqamətində avtomobil yolunun əsasının qoyulması mühüm əhəmiyyət kəsb edir. Bu yol gələcəkdə Zəngəzur dəhlizinin çox mühüm bir elementinə çevriləcək. Həmçinin bununla Azərbaycan və Türkiyə birlikdə mesaj ötürmüş oldu ki, Zəngəzur dəhlizinin reallaşdırılmasında israrlı iradəyə malikdir və mütləq şəkildə bu reallaşacaq. Məhz bu səbəbdən də, R.T.Ərdoğanın Füzuli hava limanının açılışında iştırakı Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyətə aydınlıq gətirən amil rolunda çıxış etdi./Teleqraf

Azərbaycan və Türkiyədən mesaj: Təhlükəsizliyə təhdid olarsa...