Azərbaycan-Ermənistan arasında kimlər vasitəçi ola bilər?

Azərbaycan-Ermənistan arasında kimlər vasitəçi ola bilər?

Azərbaycan-Ermənistan arasında kimlər vasitəçi ola bilər?

Dünən Moskvada Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin müavinlərinin "3+3" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşü keçirilib.

İlk dəfə keçirilən bu görüş noyabrın 26-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə razılaşdırılıb. Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair "3+3" danışıqlar formatına Gürcüstanın da daxil olması nəzərdə tutulsa da, ölkə bu görüşlərdə iştirak etmir.

Birinci Qarabağ müharibəsindən sonra münaqişədə əsas vasitəçi rolunu həmsədrlərinin ABŞ, Rusiya və Fransanın olduğu, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk qrupu oynayıb.

Azərbaycan Minsk qrupunu artıq vasitəçi kimi görmək istəmədiyini deyib və bizə danışan təhlilçilərə görə, 29 il əvvəl yaradılan qurum öz fəaliyyətini "doğrultmayıb" və burada "yeni fiqurlara ehtiyac var". 

İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxmış yeni reallıqlar fonunda Azərbaycan-Ermənistan arasında kimlər vasitəçi ola bilər?

Rusiya-Türkiyə

Ermənistan siyasətçiləri daha çox ATƏT-in Minsk qrupunun hazırki həmsədr ölkələrinin saxlanılmasında maraqlı olduğunu tez-tez vurğulayırlar. Onlar əsas tərəfdaş kimi Rusiyanı görsələr də, digər həmsədrlər olan Fransa və ABŞ-ın da onlar üçün "uyğun tərəfdaş" olduğunu bildirirlər.

Azərbaycan dəfələrlə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığını bildirib. Azərbaycan danışıqlara Minsk qrupu ilə yanaşı Türkiyəni aktiv şəkildə cəlb etmək istəyini bəyan edir. İlham Əliyev bu il Cəbrayıla səfəri zamanı deyib ki, Azərbaycan üçün Türkiyə-Rusiya əməkdaşlıq formatı "kifayətdir".

"Yəni, bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz".

Cənab Əliyev həmin səfərdə həmçinin deyib ki, Ermənistan tərəfində də Azərbaycanda olduğu kimi "siyasi iradə" olarsa, "iki ölkə özləri heç bir vasitəçisiz" sərhədlərin delimitasiyası, sülh müqaviləsi və digər məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər. Türkiyə birbaşa vasitəçilik təklifi verməsə də, həm müharibə, həm sonrakı dövrdə siyasi və digər məqamlarda Azərbaycanı dəstəklədiyini göstərməkdə davam edir.

Avropa İttifaqı

Lakin İlham Əliyev digər tərəflərin vasitəçilik təşəbbüslərinə "qapıları bağlamır". Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Peter Michalko oktyabrın 6-da İlham Əliyevlə görüşdə deyib ki, Avropa İttifaqı "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində "sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır".

Aİ rəsmisi bildirib ki, qurum ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulması prosesində "üzərinə rol götürməyə hazırdır". Peter Michalko həmçinin deyib ki, tərəflərin marağı olarsa, Avropa İttifaqı "layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəsini bölüşməyi" təklif edir.

İlham Əliyev Azərbaycanın ikitərəfli münasibətlər, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarının Avropa İttifaqı ilə "tamamilə üst-üstə düşdüyünü" bildirib. O vurğulayıb ki, Azərbaycan Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində "böyük tərəfdaşı və dürüst vasitəçi kimi" güvənir.

"Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik. Biz sülh razılaşması, delimitasiya, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazırıq. Bu proses qismən başlayıb. Lakin düşünürəm ki, əgər Avropa İttifaqı fəal iştirak etsə, -mən belə bir istəyin olduğunu görürəm, - bu, bir çox sahələrdə bizə kömək edə bilər. Ümumilikdə Cənubi Qafqazda vəziyyət 30 il ərzində olmayan tamamilə yeni bir miqyas ala bilər", - İlham Əliyev deyib.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel bu ilin iyul ayında Bakıda Prezident İlham Əliyevlə danışıqlardan sonra deyib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yardım etməyə hazırdır.

"Biz mümkün ədalətli vasitəçi kimi pozitiv, konstruktiv rol oynamağa hazırıq. Əlbəttə ki, biz Minsk Qrupunun oynadığı rola hörmət edirik, lakin bu o demək deyil ki, regionda davamlı sülhün təmin olunacağına əminlik yaratmaq, daha çox sabitlik və təhlükəsuizliyə nail olmaq üçün bəzi mümkün təkmilləşmələrin edilməsinə həvəs yaratmaq məqsədilə Aİ müəyyən bacarıq, müəyyən dəstək, müəyyən ideyalar verə bilməz", - Charles Michel deyib.

Cənab Əliyev oktyabrın 2-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib ki, Azərbaycan Aİ-nin postmüharibə dövründəki təşəbbüslərini "dəstəkləyir". O söyləyib ki, Avropa İttifaqı "çox iş görə bilər" və Azərbaycan "bu imkanlardan istifadə etməyə hazırdır".

ATƏT-in Minsk qrupu

ATƏT Birinci və İkinci Qarabağ müharibələrindən sonra Azərbaycanın sərt tənqidlərinin hədəfinə çevrilib. Azərbaycan rəsmi bəyanatlarında ATƏT-in Minsk qrupunun fəaliyyətini "uğursuz" adlandırıb, həmsədrlərini isə "ikili standartlarda" ittiham edib.

İlham Əliyev ötən ilin oktyabrında Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib ki, "səmərəlilik və nəticəlilik baxımından Minsk qrupu özünü doğrultmayıb". "Özü də əgər Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur".

Azərbaycan Prezidenti deyib ki, Minsk qrupunun üzvlərinin necə seçilməsi barədə "məlumatsızdır" və əlavə edib ki, Azərbaycan bu gün hansısa təmas qrupu yaratsaydı, onun tərkibi "tamam başqa olardı".

Cənab Əliyev söyləyib ki, vasitəçi "qərəzsiz olmalıdır". "O, emosiyalarını evdə qoymalı, ya da ikitərəfli formatı tərk etməli, nizamlama çərçivəsində isə ona ATƏT-in verdiyi mandatı və münaqişəni Azərbaycanın və ya Ermənistanın istəyinə uyğun şəkildə deyil, beynəlxalq hüququn tələb etdiyi qaydada nizamlamaq arzusunu əsas götürməlidir".

İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib ki, Azərbaycan hazırda Minsk qrupunun fəaliyyətini "demək olar ki, görmür".

"Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, "Dağlıq Qarabağ" adlı inzibati ərazi, yəni, qurum mövcud deyil".

Prezident deyib ki, ATƏT-in Minsk qrupunun bundan sonrakı işi "etimad tədbirləri, yolların və dəhlizlərin açılması, sülh prosesinə dəstək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, sülh müqaviləsinə nail olmaq" istiqamətində olmalıdır.

ATƏT-in Minsk qrupunun Azərbaycan tərəfindən ən çox tənqid olunan üzvü Fransadır. Azərbaycan Fransanı "Ermənistana tərəfkeşlik etməkdə" ittiham edir. Azərbaycan Prezidenti, siyasətçilər və vətəndaş cəmiyyəti üzvləri münaqişənin bütün dövrlərində bu barədə açıqlamalar veriblər.

Fransa Prezidenti Emmanuel Macron bu ilin iyun ayında Ermənistan Baş naziri Nikol Paşinyanla Parisdə keçirilən görüşü zamanı Ermənistan-Azərbaycan arasındakı Qaragöl (Sevliç) gərginliyi barədə Ermənistanı dəstəkləyən mesajlar vermiş, Azərbaycanın "Ermənistan ərazisini tərk etməli olduğunu" söyləmişdi. O, həmin görüşdə Fransanın sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcəyini bildirib.

"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Fransa ABŞ və Rusiya ilə birlikdə, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpası və gərginliyin aradan qalxması üçün əlindən gələn hər şeyi etmək niyyətindədir", - TASS agentliyi Emmanuel Macrona istinadən yazıb.

Lakin cənab Macronun postmüharibə dövründə sosial şəbəkə hesablarından Azərbaycan-Ermənistan sərhədləri barədə erməni dilində müraciət və çağırışlar paylaşması da Azərbaycan cəmiyyətində birmənalı qəbul olunmamışdı. İlham Əliyev ötən ay Fransanın "France-24" televiziya kanalına müsahibəsində deyib ki, Fransa müharibə zamanı "özünü dürüst vasitəçi kimi aparmadı".

"Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Biz bu narahatlığı ifadə etdik, çünki bir daha qeyd etmək istəyirəm ki, istənilən ölkənin seçimləri, dostları və qeyri-dostları ola bilər. Bu, onların öz işidir və burada biz heç nə deyə bilmərik. Lakin bir ölkə vasitəçi olması ilə bağlı ATƏT-in mandatına sahibdirsə, bu halda ölkə bitərəf olmalıdır".

İran

İran Azərbaycan-Ermənistan arasındakı münaqişədə vasitəçilik təşəbbüsünü ara-sıra səsləndirsə də, bu təkliflər digərlərinin fonunda daha "kölgədə" qalıb. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə növbəti dəfə bu ilin iyul ayında bildirib ki, İran Azərbaycan-Ermənistan arasında "davamlı sülhün təmini üçün vasitəçi olmağa hazırdır".

Oktyabrın 6-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşdə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair "3+3" danışıqlar formatının yaradılması təşəbbüsünü müzakirə edib.

Sergey Lavrov deyib ki, "bu formata üç Zaqafqaziya ölkəsi [Azərbaycan, Ermənistan, Gürcüsan] və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyə" daxildir. Rusiya XİN rəsmisinin sözlərinə görə, İran Azərbaycan və Türkiyə kimi bu fikrə "müsbət" reaksiya verib.

"Erməni həmkarlarımızla işləyirik. Ümid edirik ki, Gürcüstan yaşadığı bütün problemlərə baxmayaraq belə bir məsləhətləşmə mexanizmi yaratmaqda və uzun müddətdir burada davam edən qarşıdurmalar səbəbiylə inkişafını geridə qoyan bu bölgənin sürətlə inkişafı ilə bağlı qərarlar qəbul etməkdə əsas marağını görə biləcək", - Sergey Lavrov söyləyib.

Gürcüstan

Gürcüstan bu gün Moskvada keçirilən və özünün də daxil olduğu "3+3" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşdə iştirak etmir.

Ölkənin xarici işlər naziri David Zalkaliani bu ilin oktyabr ayında verdiyi açıqlamada bildirmişdi ki, "torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir iş getmədiyi dövrdə Gürcüstan üçün bu regional platformada iştirak çətin olacaq". O deyib ki, ölkə suverenliyi və ərazi bütövlüyü Gürcüstan hökuməti üçün "qırmızı xətdir".

Gürcüstan Rusiya ilə diplomatik əlaqələrini 2008-ci ildə iki ölkə arasında baş vermiş müharibədən sonra dayandırıb. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ötən ay yerli kanallara müsahibəsində ölkəsinin Azərbaycan və Ermənistan arasında etimadın bərpası prosesinə töhfə vermək istədiyini bildirib.

Qaribaşvili bu təşəbbüsün ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu söyləyib.

Bu il iyulun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Bu razılaşma ABŞ və Gürcüstanın vasitəçiliyi ilə reallığa çevrilib.

Saxlanılan ermənilərin qaytarılması həm də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reekerin regiona səfərindən sonraya təsadüf edib.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin gün yaydığı məlumatda Azərbaycan-Ermənistan arasında sözügedən razılaşmanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antony Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Philip Reekerin, Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusi qeyd etmişdi.

İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana, oktyabrın 9-da isə Yerevana səfər edib.O, Prezident İlham Əliyevlə görüşdə deyib ki, Gürcüstan regionda sülh və sabitliyin olmasında maraqlıdır.

Gürcüstanın Baş nazirinin ermənistanlı həmkarı ilə görüşdə tərəflər cənab Qaribaşvilinin BMT-də səsləndirdiyi Cənubi Qafqaz üçün sülh və sabitliyin təmin olunmasına yönəlmiş Dinc Qonşuluq Təşəbbüsünü müzakirə ediblər.

Sentyabrın sonunda Gürcüstanda Avropa İttifaqının rəsmilərinin iştirakı ilə Azərbaycan-Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimadın qurulması mövzusunda seminar keçirilib.

Görüşdə iki ölkə iştirakçıları Cənubi Qafqazda sülh perspektivləri barədə müzakirələr aparıblar.

Yeni Azərbaycan Partiyasının və Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov BBC Azərbaycancaya deyib ki, Gürcüstanın regionun üç dövlətindən biri olaraq "iki dövlət arasında ixtilafın tənzimlənmə prosesində vasitəçilik missiyasını ortaya qoyması müsbət, təqdirəlayiq haldır".

O söyləyir ki, Gürcüstan sülh prosesinə töhfə verə bilər, ancaq "Ermənistan qeyri-konstruktiv mövqe ortaya qoyub, status məsələsini qabardarsa, təbii ki, bu vasitəçiliyin mənası olmur".

"Bu məsələlərlə bağlı Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi var: status yoxdur, Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu var. Gürcüstan tərəfi də qonşu və region dövləti olaraq sülhpərvər missiya ilə çıxış edəndə təbii ki, Ermənistanın qəbuledilməz iddialarına qarşı çıxmalıdır və yalnız bundan sonra, heç bir status söhbəti gündəmə gəlmədən Azərbaycan və Ermənistan arasında münasibətin bərpası və tənzimlənməsi ilə bağlı prosesə töhfə verə bilər".

Ermənistan Baş Naziri Nikol Paşinyan dekabrın 9-da parlament üzvlərinin suallarını cavablandırarkən deyib ki, Dağlıq Qarabağın son statusu heç də mütləq onun müstəqilliyi demək deyil, danışıqlar prosesi əsnasında isə status məsələsi ilə bağlı referendumun "harada keçiriləcəyi belə müəyyən edilməmişdi".

"Erməni cəmiyyətində müəyyən təbliğat nəticəsi olaraq belə bir fikir təşəkkül tapıb ki, guya biz "Dağlıq Qarabağın son statusu" deyiriksə, bu, Qarabağın müstəqilliyi deməkdir. Kimdir bunu deyən? Son status - müəyyən son status deməkdir ", - Paşinyan bəyan edib.

Paşinyanın sözlərinə görə, daha əvvəl danışıqlar prosesində Dağlıq Qarabağ azərbaycanlılarının da bu referendumda iştirak etməsi nəzərdə tutulurdu.

"Diqqətinizi ona çəkmək istərdim ki, danışıqlar prosesində və sənədlərdə heç vaxt sözügedən referendumun Dağlıq Qarabağda keçiriləcəyi qeyd olunmayıb, anlayırsınız? Harada keçiriləcəyi ərazi qeyd olunmayıb, anlayırsınız? Bunda o qədər incəliklər var!" - Paşinyan deyib.

Ermənistanın "Şant" televiziya şirkətinin siyasi icmalçısı Artyom Yerkanyan hesab edir ki, Gürcüstanın bu təklifi "o qədər ciddi xarakter daşımır" və bu təkliflə Gürcüstanın Baş naziri daha çox ölkə daxilində "öz şəxsi reytinqinin" və ölkəsinin "bölgədə və dünyada nüfuzunun qaldırılması məsələsini" həll edir.

O söyləyir ki, əgər Gürcüstanın vasitəçilik qabiliyyəti dünyaya "inandırıcı təsir" bağışlaya bilsə, bu, ölkənin imicinə "müsbət təsir" edə bilər.

Lakin cənab Yerkanyan düşünür ki, burada əsas məqsəd Rusiya amilini zəiflətməkdir.

"Hamıya aydındır ki, belə bir təklif irəli sürməkdə məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və ya sülhməramlılıq monopoliyasını ləğv etmək, yaxud heç olmasa, məhdudlaşdırmaqdır".

Təhlilçi deyir ki, Gürcüstanın hər iki tərəfin etimadını qazanmaq istəyi "daha səmimidir", ona görə ki hər iki qonşusu da onun üçün, demək olar ki, "eyni dərəcədə önəmlidir".

Artyom Yerkanyan söyləyir ki, tək obyektiv vasitəçi reputasiyasına malik olmaq kifayət deyil, vasitəçi əldə olunmuş razılaşmaların həyata keçirilməsinə zamin olmaq üçün resursa və nüfuza malik olmalıdır.

"Bu resurs Rusiyada var..", şərhçi deyir və əlavə edir ki, Prezident Putinlə görüşlərdə ölkələr bu gün "hə" deyib, sabah, o biri gün "yox" deyə bilməzlər.

"Qaribaşviliyə isə "hə" vəd etsələr, elə sabahı gün də "yox" deyə bilərlər və onun razılaşmaların yerinə yetirməsinə nail olmaq üçün heç bir imkanı yoxdur".

Tərəflər yeni format barədə

Azərbaycan Ermənistanla müzakirə ediləcək məsələlərdə vasitəçi qismində çıxış etməyə təşəbbüs göstərən bütün tərəfləri dinləsə də, əsas Türkiyənin məsələdə aktiv iştirakını dəstəkləyir. Ermənistan isə əsas tərəfdaş kimi Rusiyanı görməkdə davam edir.

Ermənistandan siyasi icmalçı Artyom Yerkanyan hesab edir ki, təkcə Rusiyanın vasitəçiliyi Ermənistan üçün "müəyyən risklər"ehtiva edir, ona görə də ən optimal variant həmişə üç həmsədr ölkələrin vasitəçiliyi olub.

O düşünür ki, hazırki formatın dəyişməsi "Ermənistanın maraqlarına uyğun deyil".

"Biz bu formatın qorunub saxlanmasında maraqlıyıq, çünki bu formatda bizim etimad etdiyimiz Fransa, son vaxtlar olduqca maraqlı işarələr verən Birləşmiş Ştatlar və təbii ki, razılaşmaların gerçəkləşdirilməsinə zamin ola biləcək Rusiya var. Rusiyasız əldə olunmuş razılaşmaları sadəcə həyata keçirmək mümkün olmayacaq".

Gürcüstanın siyasi şərhçisi Tornike Şaraşenidze deyir ki, tərəflər "sülhdən başqa marağı olmayan vasitəçinin seçilməsini" istəməlidirlər.

O düşünür ki, Gürcüstan burada uyğun seçiim ola bilər, çünki onun bu məsələdə xüsusilə Rusiyadan fərqli olaraq "maraqları yoxdur".

"Gürcüstan hər zaman regionda sülh istəyib. O, sadəcə vasitəçi kimi davranır, lakin Rusiyanın bölgədə maraqları var. Rusiya bölgədə qalmaq, Ermənistanda hərbi bazasını, Azərbaycanda sülhməramlı qüvvələrini saxlamaq istəyir. Ümumiyyətlə isə, düşünürəm ki, vasitəçiliyin uğurlu olub-olmaması ancaq Azərbaycan və Ermənistandan asılıdır".

 

Azərbaycan-Ermənistan arasında kimlər vasitəçi ola bilər?