“Azərbaycan bölgədə əsl söz sahibinə çevrilib” – Şərh
““Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisədir”
Polemika.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. O, bildirib ki, yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir.
“Bu mühüm addım iki ölkənin münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq. “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan son ilər tranzit ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək”.
V. Rəhimzadənin sözlərinə görə, nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib: “Əlbəttə, imzalanan Anlaşma Memorandumu iki dost ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün yeni perspektivlər açır. Bu fakt bir daha sübut edir ki, regional əməkdaşlığa davamlı töhfələr verən Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirməklə bölgədə əsl söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi nüfuz qazanıb.
Sənədin imzalanması həm də onu sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması sahilyanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi dəyərləndirilir”.