Avropanı Rusiyanın qaz asılılığından xilas etmək mümükndürmü? "Bunu etmək olar, amma..."

Avropanı Rusiyanın qaz asılılığından xilas etmək mümükndürmü?

Avropanı Rusiyanın qaz asılılığından xilas etmək mümükndürmü? "Bunu etmək olar, amma..."

“Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanın “Polemika.az” müsahibəsi:

- Avropa İttifaqı Rusiya enerjidaşıyıcılarından asılılığı 80% azaltmağı qarşısına məqsəd qoyub. Bu nə cür mümkündür və hansı ölkələrin ehtiyatları hesabına həfə çatmaq olar?

- Bu, Avropa İttifaqının qərarıdır, lakin Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında Aİ-yə tövsiyələr var. İEA da bildirib ki, qısa müddətdə Rusiyadan qaz asılılığı azaldılmalıdır.

Hesabatda göstərilib ki, Rusiya qazından asılılığı bir ildə 50 milyard kubmet azaltmaq prinsipcə mümkündür. Ancaq çox böyük məsrəflər hesabına: əhaliyə əlavə yardımlar, habelə evlərin istilik saxlaması məsələsinin həllindən tutmuş, istehlakçıların daha rasional qaz istifadəsi, müəyyən müddətə kömürdən istifadə, yaşıl enerjinin xüsusi çəkisini artırmaq və s.

Bu məsələlər heç ortamüddətli də deyil. Çünki ən aşağısı bu cür layihələri həyata keçirmək üçün maksimum 10 il zaman gərəkdir.

2005-ci ildə Avropa Parlamenti qərar verdi ki, Rusiyadan enerji asılılığın azaldılması və yaşıl enerjiyə keçid olmalıdır. Ancaq 2 il sonra müvafiq normativ və qanunların işlənməsinə və 2007-ci ildə onların tətbiqi məsələsi gündəmə gəldi. Artıq 2015-ci ildə elektromobil var idi, günəş enerjisi də.

Əvvəllər Rusiyanın Avropanın enerji təminatında xüsusi çəkisi 33-34% idisə, indi 40%-ə çatıb. Bu da, onunla əlaqədardır ki, Avropanın öz qaz hasilatı azalır.

İkinci tərəfdən, Niderlandda çox böyük bir yataq var idi. Onu mərhələli şəkildə bağladılar. Hasilatı 10 dəfə azaltdılar. Yatağın bağlanmasına səbəb bu idi ki, guya onun işlənməsi hesabına zəlzələ olur. Ancaq elmi cəhətdən bu iddia təsdiqini tapmadı.

Ötən ilin yekunlarına görə, Türkiyə istisna olmaqla, “Qazprom”un Avropada satdığı qazın həcmi 155 milyard kubmetr olub. Hətta ABŞ-ın Avropada satdığı qaz da təqribən 2 dəfə artıb, ancaq bu, sadəcə 12 milyard kubmetr təşkil edib. Yəni mən fərqi müqayisə etmək istəyirəm. Hətta Qətər kimi bir ölkənin Avropanı təmin etməsi üçün yeni quyular qazılmalı, işlənməli, iri platformalar tikilməlidir. Yəni bu işlər işlər ən azı 48 ay vaxt aparır.

Bunu etmək olar. Payız mövsümündən başlayaraq Avropaya 30 milyard kubmetr qaz yönəltmək mümkündür. Yəni 30 milyard azalda bilərsən, ancaq bunu 50 milyard etmək mümkün deyil.

- ABŞ-dan 3 nəfərlik nümayəndə heyəti Venesualaya getdi və prezident Nikolas Maduro ilə görüşdü. Onlar neft sanksiyalarının zəiflədilməsi mövzusunda Maduro ilə müzakirələr apardılar. İranla da nüvə sazişi üzrə Vyana danışıqları demək olar ki, tamamlanmaq üzərədir və Vaşinqtondan da müsbət siqnallar gəlir ki, İran neftinə sanksiyalar azalacaq. Yəni Qərb bu gün bacardığı qədər əlavə resursları cəlb etməklə, Avropanın neft-qaz təminatını asanlaşdırmaq istəyir. Bu nə dərəcədə realdır? Atılan addımlar boşluğu doldurmağa kifayət edəcəkmi? Nəzərə alsaq ki, bu iki ölkənin Rusiya ilə stretji ortaqlığı var.

- Qaza alternativ ola bilməz. Venesuelada birincisi, qaz yoxdur. Onlar ehtiyatlarına görə, dünyanın bir nömrəli neft ölkəsidir. Ancaq bir şey var. Venesuela nefti qatılaşmış və qətranlaşmış neftdir. Meksikada bir sıra neftayırma zavodları var ki, məhz Venesuela neftinin emalı üçün qurulub. 

Sanksiyalara qədər ABŞ da Venesueldan da neft alırdı. Amma Venesuela nefti ağırdır, onun xərci və ekoloji fəsadları çoxdur. Birləşmiş Ştatlar Rusiyadan neft idxal edir. Dünən neftin qiyməti niyə 139 dollara qədər gəlib çıxdı. İndi 127 dollara qədər ucuzlaşıb. Hətta bir neçə senator da qanun layihəsi hazırlayıb ki, Rusiya neftindən imtina edilsin. Bu, hələ müzakirələrdədir, ancaq bazara təsir edən amildir.

Bu məsələdə İranın rolu yüksəkdir. Doğrudur, 2012-ci ildə İrana qarşı sərtləşdirilmiş sanksiylar, habelə SWIFT-dən kənarlaşdırılma ilə bağlı qərar qəbul edilmişdi. Lakin İran problemsiz bir milyon barel bazara neft çıxara bilər. Ancaq nə bu gün, nə sabah. Azı 4 ay vaxt lazımdır. Çünki konservə edilmiş quyuların həyata qaytarılması elə də asan məsələ deyil.

- Neftin və qazın qiyməti ilə bağlı fantastik proqnozlar verilir. Bu artım müvəqqəti olacaq, yoxsa dünya uzun perspektivdə buna hazır olmalıdır?

- Bu, sırf möhtəkirliyin amilləridir. Qazın qiymətinin 2.500 dollardan, 3.900 dolları aşmasına qədər cəmi 1 saat yarım vaxt lazım oldu. Sonrakı bir saatda isə qazın qiyməti təqribən 4.000 dollardan, 2.600 dollara qədər eniş etdi. Bu gün artıq yenidən 3.000 dollara qədər artıb.

Bütün bunlar onun göstəricisidir ki, siyasətçilərin verdikləri qərarlar bazar iştirakçıları tərəfindən necə qəbul olunur. Bir gündə bazarda satılan istər neftin, istərsə də qazın qiymətinin dəyişmə amplitudasına baxsaq, əvvəllər bu, 2-30 sent, 1 dollar arasında olardısa, indi bunun səviyyəsi yüksəkdir.

Bu, bazar üçün yaxşı heç bir şey vəd etmir. Bu, bazarda dəyişkənliyin öldürücü bir həddə getməsidir. Buna bazar nə qədər davam gətirəcək, bilinmir.

Məsələn, 140 dollar civarında 1 milyon barel neft alırsınız. Özü də, fiziki almırsınız, çünki bunların hamısı fyuçersdir, yəni kağız üzərindədir. 1 saatdan sonra siz buna 140 milyon çek yazıb verdiniz, onlar da bunu qəbul etdilər. Lakin 1 saatdan sonra həmin neftin qiyməti 125 dollar olur. Yəni siz 1 saatda 15 milyon dollar itirirsiniz. Yəni bazarda müharibələr və təlatümlər zamanı belə şeylərin olması labüddür.

Rafi Müslümov

 

Avropanı Rusiyanın qaz asılılığından xilas etmək mümükndürmü? "Bunu etmək olar, amma..."