ABŞ Üçüncü Dünya müharibəsinin başlamasından niyə qorxur? - "Putinin ağlasığmaz hərəkətləri..."

ABŞ Üçüncü Dünya müharibəsinin başlamasından niyə qorxur?

ABŞ Üçüncü Dünya müharibəsinin başlamasından niyə qorxur? - "Putinin ağlasığmaz hərəkətləri..."

Rusiya-Ukrayna arasındakı müharibə davam etsə də, ABŞ hər vəchlə hərbi əməliyyatlardan yayınır. Ötən gün Ağ Evin sözçüsü Cen Psakinin "ABŞ Üçüncü Dünya müharibəsinə başlamaq istəmir" - deyə açıqlama verməsi ilə ABŞ mövqeyini bir daha təkrarlamış oldu. 

Bəs görəsən, ABŞ Üçüncü Dünya müharibəsinin başlamasından niyə qorxur? Onlar müharibəyə qatıldıqda fəlakətin miqyasının geniş olacağından ehtiyat edirlər, yoxsa Putinin hər hansı ağlasığmaz hərəkət edəcəyindən, nüvə silahlarını işə salmasından ehtiyatlanırlar?

Mövzu ilə bağlı Polemika.az-a danışan siyasi şərhçi Fərhad Məmmədov ABŞ-ın mövqeyinin düzgün olduğunu bildirib:

“Amerikanın mövqeyi ilə tam razıyam. ABŞ həm də NATO ölkəsidir.  ABŞ-ın NATO ölkələri qarşısında öhdəliyi var, hətta uçaqların verilməsi ilə bağlı da qərar qəbul edilə, istək ola bilər, lakin onu praktiki addımlarla necə həyata keçirəcəklər? Məsələn, deyirlər ki, uçaq vermək istəyirik, Ukrayna pilotlarının idarə edə biləcəyi uçaqlar sovet uçaqlarıdır, amma onları maşına qoyub Ukraynaya aparmaq olmur axı...”

O, qeyd edib ki, əgər NATO-ya üzv olan üçüncü ölkə müharibəyə qarışarsa, bu NATO və Rusiya arasında gedən müharibəyə çevriləcək:

“Həm də Ukraynada hazırda salamat aerodrom da qalmayıb ki, onlar Polşa ərazisindən uçub Ukraynaya ensinlər. Əgər onlar Polşa ərazisindən havalanıb Rusiyanın ordu birləşmələrini vursa, onda hansı aerodromdan uçaq havalanıbsa, onu vurmalıdır. Bu da öz növbəsində NATO-Rusiya müharibəsinə gətirib çıxarır. Bu məntiqdən irəli gələrək ABŞ çalışır ki, özü və müttəfiqləri belə addımlar atmasın. Çünki bu birbaşa kontakta gətirib çıxarır. Suriyada da həmin məsələ var idi. Orada da baş qərargahlar arasında açıq əlaqə mövcud idi, çünki həmin ərazidə Rusiya silahlı qüvvələri və ABŞ silahlı qüvvələri rəsmi şəkildə iştirak edirdi. Onlar bir-birini vurmasın deyə açıq əlaqə var idi, hansı ərazidə kim yerləşirsə, danışırdılar ki, ABŞ və Rusiya bir-birini vurmasın. ABŞ-ın bu addımı Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün atılan addımdır”.

Əsmətxanım RZAZADƏ 

ABŞ Üçüncü Dünya müharibəsinin başlamasından niyə qorxur? - "Putinin ağlasığmaz hərəkətləri..."