10 dekabr 2020-ci ildə bir də canlanan xatirələr - İndi Arazın o tayında...
Bakıdan Naxçıvana gedən sərnişin qatarı taraq-turuqla irəliləyirdi. Yolu bir neçə kilometr Araz çayının ətəklərindən ötürdü. Bu mənzərəni seyr etmək ürəyi Azərbaycanla döyünən hər bir insan üçün olduqca heyrətləndirici-məyusedicidir. Axarın bəzən kükrəyən-qabaran, gah da qırçinlanan sularının sağı da, solu da Vətəndir, doğma Vətən! Fəqət ayrı-ayrı məmləkətlərdir... Bu iztirablı duyğu qəlbimə dolanda 1969-cu ilin baharıydı, mənsə tələbə... İlk dəfə qədim, yenilməz Nəqşicahana yol almışdım. Bu diyara ayaq basmaq üçün gərəkdi ki, xüsusi buraxılış vərəqinə sahib olaydım. Hamıya qismət olmayan belə bir sənədlə Bakı Baş Milis idarəsi məxsusi yoxlamadan sonra məni də sevindirdi. Yalnız bir neçə günlüyə Nəqşicahanda olmaq hüququ qazandım.
Gedəndə qaranlqdı. Ətrafı seyr etmək mümkün deyildi. Geriyı paytaxta qayıdanda günəşli havaydı. Yenə vaqonun pəncərəsi önündə idim. Həsrətlə Arazın sağ çiynindəki mənzərəni, o tayda ot çalan dəryazçının bir hovur əlini dayandırıb bizim qatara sarı həsrətlə boylandığına, bir qədər aralıda yamacda quzu otaran yeniyetmənin bizə tərəfə əl yelləməyini seyr edib xiffətləndim. Onları özümün doğmaları bildim. Axı onlar mənim kimi bir ana dilinin, eyni qanın daşıyıcılarıdır. Yad deyillər, bizlərdən biridirlər. Ürəyimdən keçdi ki, qatar nəfəs dərib, ”tormozlasın”-dayansın. Mən də düşüb Arazı adlayım, o taya keçim, oradaki soydaşlarımı salamlayım, onlarla doğma, öz dilimizdə kəlmə kəsim...Əfsus, bu, quruca xəyal olaraq qaldı. Qatar nəfəs dərmədən irəliləyirdi. Vaqonumuzun qapısı ağzını isə rus-sovet soldatları kəsdirmişdilər. Onlar bu məkanda kimsənin qatardan enməsinə “qadağa”qoymuşdular. Tikanlı sərhəd məftilləri isə qatarımızın çiyni ilə hey uzanırdı. Bu, hərbi nizam idi. Gedəndə İmişli stansiyasından sonra qatar Dövlət sərhəd zonası məkanlarına daxil olduğundan vaqonlardakı bütün sərnişinlərin pasport qeydyatları yoxlanılırdı. Bu məqsədlə hər vaqona iki sərhədçi əsgər mindirilirdi. Yaşıl paqonlular sərnişinlərin sənədlərini fərdi qaydada vərəqləyib, çək-çevir eləyirdilər. Vağzal və stansiyalarda vaqona minib-düşənləri nəzarətdə saxlayırdılr. Belə əməliyyatlar qatarın gedişində də, qayıdışında da təkrarlanırdı.
Araz isə o taydakı, bu taydakı insanların keçirdiyi duyğulardan xəbərsiz hey aramsız axırdı. Fərəhimiz, həm də daim iztirab verən yaralı vicudumuz olan Xudafərin körpüsnü də etinasız adlayırdı, yox-yox, çayın suları burulub, qədim-tarixi tikilinin sarsılmaz stunları ilə qucaqlaşaraq ayrılır, sonradan Ana Kürə qovuşmağa tələsirdi. Könüllər bayatılanırdı: Araz axır lil ilə, dəstə-dəsdə gül ilə... Belədə boylanmalı olursan: -Hanı o güllər? Güllər yoxdu, şirin-şirin dillərsə vardı?!
Solmayan bu xatirələr 10 dekabr 2020-ci ildə bir də canlandı, qəlbləri həzin-həzin duyğulandırdı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində işğalçı ermənilər üzərində tarixi qələbəsi şərəfinə Bakıda keçiriləm Zəfər paradında xüsusi mənada səslənən bayatı ilə! “Bir millət, iki dövlət”in rəhbərləri Ali Baş Komandan Azərbaycan Prezidenti İlham Əliyevin unudulmayacaq nitqindən sonra mikrofona yanaşan Qardaş Türkiyə Dövlətinin Pəhbəri cənab Ərdoğanın səsləndirdiyi: Arazı ayırdılar, su ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar,- bayatısı ilə...
Rəcəb Tayyib Ərdoğan 05 sentyabr 2012-ci ildə hakim Ədalət və İnkişaf Partiyasının iclasında Azərbaycanla bağlı tarixi fakta da fikrini beləcə şeir-ağı ilə bildirmişdi:
Boraltan bir körpü, aşar keçər Arazı,
Yusan Araz suyuyla, çıxmaz üzün qarası.
Düşmən bəklər qarşıda, önünə qatdı məni,
Can alınan çarşıda, qardaşım satdı məni.
Dönüb səsləndim geri, mərhəmətsiz birinə,
Məni siz vursaydınız, bu gavurun yerinə....
Belə deyimlər, bu tərzdə yanaşma- hərə öz payını götürsün anlamında deyilmi?!..
Rafiq HƏSƏNOV,
veteran jurnalist