1 dollar neçə manat olacaq? - Açıqlama

1 dollar neçə manat olacaq?

1 dollar neçə manat olacaq? - Açıqlama

Deputat Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı bədbin proqnoz verib. O, manatın yüyəninin gec-tez sərbəst buraxılacağını və tam üzən məzənnəyə keçid ediləcəyini bildirib.

Polemika.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov hazırkı şərtlərdə manatın ucuzlaşma ehtimalını inkar edib:

“Faktiki olaraq məzənnəni formalaşdıran neftdir. Neft satışı müqabilində ölkəyə sabit valyuta daxil olur. Azərbaycan neftinin qiyməti isə dövlətin proqnozundan yüksəkdir. Hazırda neft proqnozdan 60% baha satılır. Buna görə də, hökumət həm valyuta ehtiyatlarnı artırıb, həm də tədiyyə balansında kifayət qədər yüksək profisit var”.

İqtisadçı hazırda ölkədə mövcud olan inflyasiya proseslərindən də danışıb:

“Digər əsas məsələ sosial faktordur. 2022-ci ildə hökumətin qarşısında duran ən ciddi problemlərdən biri infliyasiya təzyiqləridir, yəni sürətli qiymət artımları. Azərbaycan idxaldan asılı ölkədir. Manatın ucuzlaşdırılması siyasəti inflyasiya təzyiqlərini kəskin şəkildə artırmaqla, sosial fəsadları dərinləşdirə bilər. Bu, hökumət üçün arzuolunan ssenari deyil. 

Xüsusilə də, Qazaxıstanda baş verən iğtişaşlardan sonra hökumət sosial-iqtisadi məsələlərə daha diqqətli yanaşacaq, sosial faktorları önə çəkəcək. Lakin bu tezis 100% zəmanətli deyil. Çünki Azərbaycanda qərarlar çox dar çevrədə müzakirə olunur. İctimai müzakirə təşkil edilmir, hansısa maraqlar çərçivəsində qərarlar verilir”.

Rəşad Həsənovun sözlərinə görə, üzən məzənnəyə keçid hələ 2017-ci ildə baş tutmalı idi. 

“Bu qərar sonradan dəyişdirildi. Eyni zamanda, üzən məzənnəyə keçmək birmənalı şəkildə manatın ucuzlaşacağı anlamına gəlmir. Bu qərarın cəmiyyətə qəfil açıqlanması ilk dövrdə istehlak bazarda müəyyən psixoloji təzyiqlər formalaşdıra bilər. 

Əsas məsələ budur ki, hazırda tədiyyə balansında profisit var. Ticarət saldosu müsbətdir, kifayət qədər böyük həcmdədir. Əgər bu qərar qəbul edilərsə, manat müəyyən mənada möhkəmlənə bilər. Lakin gələcəkdə hər hansı xarici fluktasiya çox ciddi təzyiqlərlə manatın kəskin ucuzlaşmasına gətirib çıxara bilər. Bütün bunları nəzərə alaraq hökumət üzən məzənnəyə keçə bilməz. Hökumət preventiv addımlardan yararlana, məzənnəni gələcək təzyiqlərə hazırlama istiqamətində mövqe ortaya qoya bilər”.

Mehri QURBAN

 

1 dollar neçə manat olacaq? - Açıqlama